BAKI, 8 noyabr - Sputnik. Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsi kimi Laçında da yenidənqurma və təmir-bərpa işləri davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, görülən işlər çərçivəsində SOCAR-ın "Azəriqaz" İB tərəfindən şəhər təbii qazla təchiz edilir. Artıq ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib. Bu münasibətlə şəhərin mərkəzində tədbir təşkil olunub.
Tədbirdə Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib.
Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyini bildiriblər.
Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.
Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb.