BAKI, 7 noyabr - Sputnik. Meşəli kəndində cinayətlər törətməkdə ittiham edilən Vaqif Xaçatryan məhkəmənin qərarı ilə 15 il azadlıqdan məhrum edilib.
***
Məhkəmə fasiləsindən sonra çıxış edən vəkili Vaqif Xaçatryan barədə Cinayət-Prosessual məcəllənin qırx ikinci maddəsinə əsasən bəraət hökmü çıxarılmasını istəyib.
Sonra Xaçatryana son söz verilib: "Cənab hakim, mən vicdanla deyirəm ki orada olmamışam. Mən sadəcə Badara kəndinin sakini olmuşam. Axtarışda olmağım barədə məlumatım olmayıb, günahsız insanam. Burada əleyhimə ifadə verənlərin əksəriyyətinin özü ilə ailəsi ilə yaxşı münasibətlərim olub. O qədər cinayətkarlar arasında necə olur ki təkcə mən məhkəmə qarşısına gətirilmişəm? Bir daha deyirəm, mən günahsızam. Elə vasitələr var ki, mənim o cinayətləri törətmədiyimi sübut edə bilər. Mən günahsız insanam, Allaha inanıram. Kim o cinayətləri törədib Allah onların cəzasını verəcək. Mənim kəskin ürək xəstəliyim var, əməliyyat olunmalıyam".
Xaçatryanın son sözündən sonra məhkəmə müşavirəyə gedib.
***
Dövlət ittihamçısı Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçatryana 15 il həbs cəzası istəyib.
***
Vaqif Xaçatryana ömürlük həbs cəzası verilməyəcək. 65 yaşını keçdiyi üçün cinayət Məcəlləsi bunu qadağan edir. Bunu dövlət ittihamçısı Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov deyib.
Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov deyib ki, bu cinayət işi üzrə keçirilən məhkəmə dünya ictimaiyyəti tərəfindən böyük maraq doğurur:
"Onun saxlanıldığı vaxtdan bu günə qədər ona alicənab münasibət nümayiş etdirilib. Bu məhkəmə prosesində Xaçatryana özünü sərbəst ifadə etmək üçün bütün imkanlar yaradılıb. Bu məhkəmə prosesi Ermənistanın özündə də maraqla izlənilir".
***
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.