NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin ucuzlaşmasında Çin amili

Dünən Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər əlavə könüllü neft tədarükünün azaldılmasına dair öhdəliklərini təsdiqləməsindən sonra neft qiymətləri bahalaşıb.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
Dünyanın ən böyük neft istehlakçısı olan Çindən gələn qarışıq iqtisadi məlumatlar neftin ucuzlaşmasına səbəb olub.
"Brent" markalı neft 47 sent və ya 0,55% ucuzlaşaraq 84,71 dollar, ABŞ-nin Qərbi Texas nefti 37 sent və ya 0,46% azalaraq 80,45 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 dollar, yaxud 0,04% artaraq 90,71 dollar təşkil edib.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər əlavə könüllü neft tədarükünün azaldılmasına dair öhdəliklərini təsdiqləməsindən sonra neft qiymətləri bahalaşıb.
Noyabr-dekabr aylarında Çində neft emalı müəssisələrinin xam neft dövriyyəsinin azaldılması gözləntiləri neftə tələbi məhdudlaşdıra və qiymət enişlərini daha da gücləndirə bilər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Krallığın 2023-cü ilin iyulunda tətbiqinə başladığı və daha sonra 2023-cü ilin dekabr ayının sonuna qədər uzadılan gündəlik bir milyon barel könüllü ixtisarı davam etdirəcəyini açıqlayıb. Beləliklə, Krallığın hasilatı 2023-cü ilin dekabr ayında gündəlik təxminən 9 milyon barel olacaq. Hasilatın bu əlavə könüllü azaldılması OPEC+ alyansı tərəfindən görülən ehtiyat tədbirlərini gücləndirmək, habelə neft bazarlarının sabitliyini və tarazlığını dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.