AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa və Kəlbəcərə səfər ediblər

Prezident Kəlbəcərin Vəngli kəndində erməni vandalizmini əks etdirən lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.
Dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” otelinin açılışında iştirak ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.
Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.