BAKI, 7 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 % artaraq 2,7 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,8 % artaraq 148,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 % artaraq 110,1 milyon manat təşkil edib.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 15,6 % artaraq 765,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 % artaraq 539,2 milyon manat təşkil edib.