BAKI, 6 noyabr — Sputnik. Ekspertiza sosial şəbəkələrdə Vaqif Xaçatryanın təsvir olunduğu iddia edilən şəkillərə verdiyi rəydə bunun doğruluğunu təsdiqləyib.
Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezinin cinayət işi üzrə noyabrın 6-da növbəti məhkəmə iclası keçirilir.
İclasda Vaqif Xaçatryan sosial şəbəkələrdə yayılan şəkillərdəki şəxsin özü olduğunu inkar edib.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçatryanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.
İşin iştirakçısı olub, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. Bu məqsədlə Vaqif Xaçatryan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Vaqif Xaçatryanın məhkəmə iclasının real vaxt rejimində üzrlü səbəblərdən iştirak edə bilməyən zərərçəkmişlərin və hadisə şahidlərinin bu gün ifadə verməsi gözlənilir.
Şahid Kərimov Azay deyib:
"Vaqif Xaçatryanı şəxsən tanıyıram. O vaxtı milli münaqişələri qızışdıran insanlar var idi. Koçaryanın iki komandası vardı. Onlardan birincisi erməni kəndlərinə daxil olub əlinə silah götürməyən, milli münaqişənin qızışmasında iştirak etməyənləri cəzalandırırdılar. İkinci qrupun döyüşdən qaçanları cəzalandırırdılar. Biz bunu o vaxtı tutduq və Şuşa türməsinə gətirdik. Bir müddət sonra sərbəst buraxıldı. Mən Malıbəyli kəndinin müdafiəsini təşkil edirdim. Bunlar qarətlə məşğul olurdular. Buna Vaqif deyirlər amma ermənilər buna Vladik deyir. Bu Şuşa türməsində guya damarını kəsmişdi. Yəni Vladik o vaxtı özü özünə hökm oxumuşdu. Meşəli hadisələrinin ikinci günü ora gəlmişəm. Əməliyyat keçirdik. Həmin vaxt kəndə hücum edənlərin 11 nəfərindən 8-ni öldürdük".
Xatırladaq ki, oktyabrın 13-də keçirilən ilk məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Oktyabrın 17-də keçirilən məhkəmə prosesində Vaqif Xaçatryana ittiham aktı elan olunub, zərərçəkmişlər və təqsirləndirilən şəxsin özü ifadə verib.
Oktyabrın 18-də, 24-də, 25-də və noyabrın 1-də keçirilən məhkəmə proseslərində zərərçəkmiş şəxslər ifadə veriblər, V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.
Qeyd edək ki, Vaqif Xaçatryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.