BAKI, 6 noyabr — Sputnik. ABŞ-ın Kiyevi dəstəkləməsi göstərdi ki, Vaşinqton özünün heç də bütün müttəfiqlərinə kömək edə bilməyəcək.
Bu fikri Amerikanın "Independent Institute" analitik mərkəzinin baş əməkdaşı Ayvan İland "National Interest" jurnalı üçün yazdığı məqalədə bildirib.
"Təkcə Ukraynadakı münaqişədə böyük itkilər, silahların dəyişdirilməsi və bahalı döyüş sursatlarının istehlakı amerikalıları bunları düşünməyə vadar etməlidir: Görəsən, Birləşmiş Ştatlar bütün dünyada getdikcə genişlənən bir qrup ölkəni qoruyacağını rəsmi və qeyri-rəsmi olaraq vəd edərək öz gücünü həddən artıq qiymətləndirməyib ki?", - ekspert belə hesab edir.
İland qeyd edib ki, Ukrayna və İsrailə verilən dəstək ABŞ-ın onsuz da nəhəng həcmdə olan dövlət borcunun bir az da artmasına səbəb olur.
Analitik diqqətə çatdırıb ki, İkinci Dünya Müharibəsindən sonra Amerikanın qlobal ÜDM-dəki payı 50%-ə çatıb, hazırda isə bu rəqəm 15%-dir. Eyni zamanda, dünyada bütün müdafiə xərclərinin 40%-i ABŞ-ın payına düşür. İland hesab edir ki, Vaşinqton "öz üzərinə həddən artıq çox şey götürüb".
Ekspertin fikrincə, əgər gələcəkdə ABŞ-ın daha iki müttəfiqi eyni zamanda hücuma məruz qalarsa, bu, ölkədən elə bir vergi axını yaradacaq ki, Ukrayna böhranının xərcləri, sadəcə olaraq arxa plana keçəcək.
Daha əvvəl bildirilmişdi ki, Ağ Ev vəsaitlərin tükənməsi səbəbindən Ukraynaya yardım paketlərinin azaldığını etiraf edib.