PAYTAXT XƏBƏRLƏRİ

Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq

Nişat Həmidov bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan şərti adı "B04" metrostansiyasının tikintisi başa çatdıqdan sonra 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə "Bakı Metropoliteni" QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov deyib.
O bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.
"Yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq. Həmin stansiyanın 2 çıxışında ağacların köçürülməsi ilə bağlı layihə hazırlanıb", - deyə o qeyd edib.
N.Həmidov bildirib ki, "B04" ərazisinin planlaşdırılması üçün tərtib edilmiş layihələrə əsasən qazılıb daşınan torpağın həcmi 30 min 95 kubmetr təşkil edir: "Ətraf mühitin mühafizəsi" haqqında Azərbaycan Respublikasının Qanunu ölkədə qüvvədə olan əsas ekoloji tələbləri özündə əks etdirir. Həmin tələblərin təmin edilməsi məqsədilə sahədə tikinti işləri dövründə ətraf mühitin mühafizəsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, tikinti sahəsindən artıq tullantılar kənar yerlərə daşınıb, sahədə müxtəlif məişət tullantıları üçün yeşiklər qoyulub. Bundan başqa, işlənmiş kimyəvi maddələr zərərsizləşdirildikdən sonra daşınıb, tikinti sahəsindən çıxmış çirkli sular təmizlənərək kanalizasiya sisteminə ötürülüb, çirkab və məişət tullantılarının kanalizasiya sisteminə ötürülməsi, artıq qrunt, məişət tullantılarının və tikinti zibilinin Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi yerlərə, müvafiq zibilxanalara daşınması təmin edilib".
Xatırladaq ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin üçüncü yeni bənövşəyi xətti - şərti adı "B04" olan metrostansiyadır.