DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Abdullahiyan BMT Təhlükəsizlik Şurası və AEBA-ya İsraillə bağlı çağırış edib

Abdullahiyan qeyd edib ki, sionist nazirin nüvə silahından istifadə ilə bağlı açıqlamaları bu ölkənin müqavimət qarşısında əsl uğursuzluğunu göstərir.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İsrailin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməyə çağırıb.
İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri Qəzza zolağında nüvə silahından istifadənin mümkünlüyünü etiraf edən İsrailin Qüds və İrs məsələləri üzrə naziri Amixay Eliyahunun bəyanatına cavab verib.
"Sionist nazirin nüvə silahından istifadə ilə bağlı açıqlamaları bu ölkənin müqavimət qarşısında əsl uğursuzluğunu göstərir. BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi aparteid siyasəti yürüdən vəhşi dövləti nüvə silahından təmizləmək üçün təcili tədbirlər görməlidir" - Abdullahian "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Bazar günü İsrail radiosunun aparıcısının Qəzza zolağına nüvə bombasının atılıb-atılmaması ilə bağlı sualını cavablandıran Eliyahu deyib ki, bu, seçimlərdən biridir. Nazir daha sonra qeyd edib ki, hər bir ağlabatan şəxs üçün atom bombası ilə bağlı bəyanatın məcazi olduğu aydındır, lakin İsrailin terrorçuluğa qarşı mütləq güclü və qeyri-mütənasib reaksiyaya ehtiyacı var. Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Eliyahunu hökumət iclaslarından uzaqlaşdırıb və onun Qəzzada nüvə silahından istifadə ehtimalı ilə bağlı bəyanatlarını rədd edib.
Eliyahunun sözləri Səudiyyə Ərəbistanı, Suriya və Qətər də daxil olmaqla bir sıra Yaxın Şərq ölkələri tərəfindən pislənib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, nazirin dərhal işdən çıxarılması və ya səlahiyyətlərinin dayandırılmaması İsrail hökumətinin bütün insani, əxlaqi, dini və hüquqi norma və dəyərlərə hörmətsizliyinin zirvəsini əks etdirir.
Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, zolağa, həmçinin Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb.