RUSİYA

Rusiyada taxıl yığımının 140 milyon tona çatacağı gözlənilir

Oktyabrın sonunda Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə ölkədə taxıl yığımı proqnozunu 140 milyon tona, o cümlədən 93 milyon ton buğdaya yüksəldib.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko 2023-cü ilin sonunda Rusiyada taxıl yığımı proqnozunu 140 milyon ton səviyyəsində təsdiqləyib.
Rusiya mətbuatının yazdığına görə, Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko ümid edir ki, "Rosstat" (Rusiyanın Statistika İdarəsi) Kənd Təsərrüfatı Nazirliyinin 140 milyon ton civarında proqnozunu təsdiqləyəcək.
Qeyd edək ki, oktyabrın sonunda Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə ölkədə taxıl yığımı proqnozunu 140 milyon tona, o cümlədən 93 milyon ton buğdaya yüksəldib.
Əvvəllər Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə Rusiyada taxıl məhsulunu 123 milyon ton, o cümlədən 78 milyon ton buğda səviyyəsində qiymətləndirmişdi. Ötən il Rusiyada 158 milyon ton taxıl yığılıb.
Əlavə edək ki, Rusiyadan Azərbaycana gətirilən buğdanın idxalı kəskin artıb, dəyəri isə azalıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 132,6 milyon dollar dəyərində 516,5 min ton buğda idxal edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 35,8 faiz çox, dəyər baxımından isə 4,7 faiz az deməkdir. Başqa sözlə, Rusiyadan gətirilən buğdanın miqdarı artıb, dəyəri isə azalıb. Bu da buğdanın idxal qiymətinin ucuzlaşdığını göstərir.
Cari ilin 8 ayında Azərbaycana cəmi buğda idxalının 77,2 faizi Rusiyanın payına düşüb.
Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 12,6% artaraq 1,3 milyon ton olub. 2022-ci ildə Azərbaycanda 1,7 milyon ton buğda istehsal edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.