DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan Çin şirkətlərini Transxəzər marşrutundan daha fəal istifadə etməyə dəvət edib

Baş nazir qeyd edib ki, hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Qazaxıstan Çindəki nəqliyyat şirkətlərini və logistika operatorlarını Avropaya konteyner daşımaları üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) daha fəal istifadə etməyə dəvət edir. Bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib.

“Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınmasına sərf olunan vaxtı demək olar ki, yarıya qədər azaldacaq”, - deyə Smailov Şanxayda altıncı Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür. Belə ki, onun sözlərinə görə, Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi sürətlə davam edir.
Bundan əlavə, Qazaxıstan-Çin sərhədində daha bir dəmir yolu keçid məntəqəsinin, Baxtı və Kaljat keçidlərində “quru limanlar”ın, Aktauda konteyner qovşağının tikintisi, həmçinin TBNM boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır.

“Biz Çin nəqliyyat şirkətlərini sadalanan layihələrdə iştirak etməyə, nəqliyyat və logistika operatorlarını isə Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal şəkildə istifadə etməyə dəvət edirik”, - deyə Smailov qeyd edib.

TBNM (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropa ölkələrinə qədər uzanır. TBNM assosiasiyasına səkkiz ölkədən dəmir yolu idarələri, limanlar, gəmiçilik və digər nəqliyyat qurumları daxil olmaqla 20 şirkət daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.