BAKI, 5 noyabr - Sputnik. “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində noyabrın 17-də Bakıda Gənc Sahibkarların IV Forumu keçiriləcək. Bu barədə Azərbaycan Gənclər Fondundan bildirilib.
Məlumata görə, Gənclər Fondu və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.
Forum Azərbaycanda sahibkarlığın formalaşmasında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkədə elan edilən “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir.
Tədbirdə panel müzakirələr təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.