BAKI, 4 noyabr — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, 4 noyabr şənbə günü olsa da, iş günü hesab olunduğu üçün sərnişinlərin Bakı metrosundan istifadə rahatlığını təmin etmək məqsədilə "Bakı metropoliteni" QSC-nin iş rejimi adi iş günlərinə uyğun təşkil ediləcək.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bütün infrastruktur, o cümlədən qatarların, eskalatorların, digər qurğu və avadanlıqların, eləcə də sərnişinə xidmət sahəsinin iş rejimi iş günlərinin maksimal tələblərinə uyğun qurulacaq.
Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edildiyindən hərəkət cədvəli bu parametrlərə uyğun təmin ediləcək. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə təşkil edəcək.
Eyni zamanda iş günü olsa da, texniki cəhətdən bu gün üçün mümkün olan ən optimal hərəkət qrafiki tətbiq edilən gur saatlar istisna olmaqla, günün qalan saatlarında sərnişin axını istqamətləri nəzərdə saxlanılaraq, ehtiyat qatarların operativ qaydada xəttə verilməsinə diqqət yetiriləcək.
Qeyd edilənlərə əsasən, "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən iş günlərinin hərəkət cədvəlini əsas götürmələri xahiş olunur.