BAKI, 4 noyabr — Sputnik. Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının ən geniş yayılmış halı selektiv abortlardır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova söyləyib. O, bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir.
"Qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir"
Rəhimova qeyd edib ki, ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından biri selektiv abortlardır. Belə ki, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.
"Ümumiyyətlə, oğlan uşaqlarına üstünlüyün verilməsi ölkədə mövcud olan gender stereotipləri, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu və sosial normaların təzahürüdür" - Komitənin əməkdaşı deyib.
Çini üstələmişik
Qeyd edək ki, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib ki, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir. 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələmişik:
"Bütün selektiv abortlar kriminal abortlardır. Bununla cinayət məcəlləsinin qapısı açılır. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 37 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələr ictimaiyyətə açıqlanacaq".
Komitə səlahiyyətlisi isə bildirib ki, bütün bu halların qarşısının alınması məqsədilə dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir.
USM zamanı dölün cinsiyyəti gizli saxlanılmalıdır!
Belə ki, "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib. Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır. Tədbirlər Planında əks olunan bəndlərlərlə bağlı aidiyyatı icraçı qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir. 2022-ci ilin statistikasına əsasən bu rəqəm hər 100 qıza 112 oğlan təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də mövzu ilə bağlı regionlarda silsilə maarifləndirici tədbirlər həyata keçirilir, bukletlər çap olunur, sosial çarxlar çəkilir. BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" Qlobal Proqramı çərçivəsində bu sahədə işlər davam edir.
S. Rəhimova onu da qeyd edib ki, selektiv abortların qarşısının alınması məqsədilə qarşıya qoyulan bir sıra vəzifələr və tövsiyələr var. Bura "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" Azərbaycan Respublikası Qanunun qəbul edilməsi, doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, arzuolunmaz hamiləliyin qarşısının alınması və abortların azalması məqsədilə kontraseptivlərdən istifadənin təbliği, cinsi maarifləndirmənin aparılması, selektiv abortun qadağan edilməsi və USM zamanı dölün cinsiyyətinin gizli saxlanılması daxildir.
Hər 100 qıza 112 oğlan düşür
Xatırladaq ki, Azərbaycanda 2022-ci il üzrə doğumu qeydə alınmış 122 min 846 nəfərdən 64 min 940-ı oğlan, 57 min 906-ı isə qızdır. Bu oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb. Bildirilib ki, cinslər arasındakı fərq 7 min 34 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.
BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir. Bioloji normanın pozulması cəmiyyətdə ciddi təhlükələrə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən selektiv abort fiziki və psixoloji zorakılığın ciddi aspektləri ilə müşayiət olunan ayrı-seçkiliyin bariz nümunəsidir. Hesablamalara görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Hətta cins nisbəti olduğu kimi qalsa da, bu, böyük fəsadlara gətirib çıxaracaq.
Cins ayrıseçkiliyinin səbəbləri
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev mətbuata açıqlamasında bildirib ki, birinci uşaqlarda valideynlər uşağın cinsinə əhəmiyyət verməsələr də, ikinci, üçüncü uşaqda cins seçimi edirlər. Valideynlərin hər ikisi də istəyir ki, ikinci doğulacaq uşaq oğlan olsun. Beləliklə, ikinci uşaqda selektiv abort faizi artıq 20-yə çatır. Onun sözlərinə görə, əgər ailənin hər iki övladı qızdırsa, üçüncü hamiləlikdə selektiv abortların daha kəskin artımı müşahidə edilir.
"Statistika göstərir ki, selektiv abortların təxminən 80 faizi iki qız uşağından sonrakı üçüncü hamiləlikdə baş verir. Təəssüf ki, oğul istəyi hələ də Azərbaycan ailələrində çox geniş yayılıb" - Babayev bildirib.
Doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasını şərtləndirən əsas səbəblər isə BMT səlahiyyətlisinin fikrincə bunlardır:
"Birinci səbəb iqtisadidir. Cins seçimi problemi əsasən Sovet İttifaqı dağılandan sonra daha kəskin formada üzə çıxıb. Sovetlərin dağılmasından sonra Qarabağ müharibəsi başladı. İnsanların maddi durumu pisləşdikcə, ailədə uşaqların sayında azalma baş verdi. Məsələn, Sovet İttifaqı dövründə Azərbaycanda doğum əmsalı 5-ə çatırdı. O vaxt Azərbaycanda regionlarda ailədə orta hesabla 5-6, şəhərlərdə isə 2-4 uşaq olardı. Amma iqtisadi çətinliklər artdıqca, ailələr maddi cəhətdən artıq o qədər uşağın qayğılarını təmin etmək gücündə olmadıqları üçün 1-2 uşaqla kifayətlənməyə başladılar. Bunun özü də dolayısı ilə başqa problemə səbəb oldu. Doğum əmsalı, ailələrdə uşaqların sayı aşağı düşəndə artıq valideynlər daha çox qız-oğlan seçimi etməyə başladılar.
İkinci səbəb patriarxal stereotiplər və ictimai normalardır. Azərbaycan patriarxal ölkədir. Burada "Yeddi oğul istərəm, bircə dənə qız, gəlin" ifadəsi var. Sirr deyil ki, mədəniyyətimizdə qadınlara adətən "köçəri quş" kimi baxılır: onlar ailə qurarkən öz bioloji ailələrini tərk edərək başqa bir ailəyə köçür və özlərinin sosial-iqtisadi statusu ilə əlaqədar olaraq, ehtiyac olduqda valideynlərinə dəstək göstərmək imkanları məhdud olur. Üstəlik, cəmiyyətimizin yazılmamış qanunları yalnız oğlan uşaqlarının ailə soyadını davam etdirməsini, habelə müəyyən dini və mədəni mərasimləri həyata keçirməsini diktə edir.
Üçüncü səbəb isə, hamiləlik dövründə dölün cinsini öyrənməyə imkan yaradan texnologiyaların geniş yayılmasıdır. Ana bətnindəki dölün cinsiyyətini öyrənmək imkanı olduğu üçün ailələrin oğlan-qız seçimi etmə imkanları da artır. Qanunvericilikdə ultrasəs müayinəsi ilə dölün cinsini söyləmək qadağandır. Amma bu qadağaya riayət olunmur. Bu işləri qanunvericiliklə tənzimləmək elə də asan deyil. Güclü təbliğat və maarifləndirmə işi aparılmalıdır. Bizim istədiyimiz odur ki, hamiləliyin 12-ci həftəsindən, yəni dölün cinsini müəyyən etmək mümkün olduqdan sonra edilən abortlar yalnız tibbi göstəriş olduğu halda həyata keçirilsin, cins seçiminə görə yox".
Cənubi Koreya və Vyetnam təcrübəsindən Azərbaycanda da istifadə ediləcək
F.Babayev çıxış yollarını da göstərib. O, bildirib ki, bəzi ölkələrdə hökumət qız uşaqlarına dəyər verilməsini təşviq etmək məqsədilə qız övladı dünyaya gələn ailələrə müəyyən ödəniş edirdi. Amma bu, heç də ümumi statistikanı düzəltməyib:
"Bu da bizim üçün bir təcrübədir. Bu problemlə mübarizədə ən önəmli istiqamət ailədə və cəmiyyətdə qadının iqtisadi statusunun artırılması və səlahiyyətləndirilməsi, habelə aidiyyəti təbliğat və təşviqat kampaniyalarının keçirilməsidir. Qızların dəyəri ilə bağlı maarifləndirmə aparılmalıdır. Təbliğatın nəticəsi zaman alır, amma bu təsirli müdaxilə strategiyalarındandır. Cənubi Koreyada, Vyetnamda bu cür fəaliyyətlər öz nəticəsini verdi. Çində də maskulinizasiya müşahidə olunurdu. Çin genişmiqyaslı kampaniyalar, fəaliyyətlər həyata keçirir. Biz də öyrənirik, uyğun olanları Azərbaycanda təbliğ və tətbiq etməyə çalışırıq".
Qanun qadağan etsə də...
Sonda onu da vurğulayaq ki, qanunvericiliyə görə Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsində 141-ci maddəsinə görə, qanunsuz abort etmə 500 manatdan-1000 manatadək cərimə, 6 ayadək islah işlərilə cəzalandırılır. Amma bununla belə qanunsuz abort etmə hallarına hələ də rast gəlinir. Qadının istəyinə görə, hamiləlik 12 həftəyədək pozula bilər. Çünki, 12 həftədə dölün cinsini tam təyin etmək mümkün deyil. Ancaq hamiləliyin 14-16 həftə arasında dölün cinsini təyin etmək mümkündür. Bu həftələrdə isə abort ancaq tibbi göstərişlər əsasında həyata keçirilə bilər.