BAKI, 4 noyabr — Sputnik. Bugünədək Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 44731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib, bundan 27783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı deyib.
Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə
© Photo : Milli Mejlis
Onun sözlərinə görə, bu istiqamətdə proses intensiv şəkildə davam etdirilir: "Məhz bu əməkdaşlığın nəticəsində təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-2021-ci təsərrüfat ilində 10 min ha, 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu isə potensial ərazilərin cəmi 60%-ni təşkil edir. Göründüyü kimi, 40% torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib".
"Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb", - M. Məmmədov bildirib.
Nazir vurğulayıb ki, eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib və münbitliyinə ciddi ziyan vurub: "Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır".
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.