DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT-də iki nəqliyyat dəhlizinin yaradılmasına qərar verildi: biri Xəzərdən keçəcək

ŞƏT-ə üzv dövlətlərin nəqliyyat-logistika potensialının daha da inkişafı üçün alternativ nəqliyyat xətlərinin təşkili, nəqliyyat sahəsində standartların uyğunlaşdırılması, çevik tarif siyasətinin tətbiqi zəruridir.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Daşkənddə (Özbəkistan) ŞƏT-in birinci nəqliyyat forumu başa çatıb.
İştirakçı ölkələrin görüşünün nəticələrindən biri iki nəqliyyat dəhlizinin yaradılmasına dair memorandumlar olub.
Bunlardan biri Belarusdan Rusiya, Qazaxıstan və Özbəkistan vasitəsilə Pakistana, digəri isə Rusiyadan Xəzər dənizi və Özbəkistan vasitəsilə Qırğızıstana doğru yaradılacaq. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat verib.
Rusiya Federasiyası, Özbəkistan Respublikası və Qırğız Respublikası arasında Rusiya - Xəzər dənizi - Türkmənistan - Özbəkistan - Qırğızıstan beynəlxalq multimodal nəqliyyat dəhlizinin formalaşdırılması və inkişafına dair anlaşma memorandumu imzalanıb. Sənədi İlham Mahkamov, Dmitri Zverev və Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar naziri Tilek Tekebaev imzalayıblar.
Bildirilib ki, ŞƏT-ə üzv dövlətlərin nəqliyyat-logistika potensialının daha da inkişafı üçün alternativ nəqliyyat xətlərinin təşkili, nəqliyyat sahəsində standartların uyğunlaşdırılması, çevik tarif siyasətinin tətbiqi zəruridir. Nəqliyyat arteriyaları və sərhədyanı ərazilər boyu iri multimodal logistika mərkəzlərinin tikintisi, sərhəd nəzarəti məntəqələrində bütün gün boyu işin təşkili və vizaların verilməsi prosesinin sadələşdirilməsi, rəqəmsal texnologiyaların və intellektual sistemlərin geniş tətbiqi və logistika sahəsində qabaqcıl təcrübələrin mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.
Məlumatda deyilir ki, görüşün məqsədi ŞƏT ölkələrinin nəqliyyat və logistika sektorunun nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması olub.