CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və Agentliyin strukturu” təsdiqlənib.
Sputnik
BAKI, 3 noyabr - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;
3.3. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi barədə təkliflərini hazırlayıb bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".