RUSİYA

NATO Kiyevin nüvə obyektlərinə hücumları barədə danışmamaq üçün hər şeyi edir - Zaxarova

Rusiya XİN-in nümayəndəsi deyib ki, NATO üzvləri diqqəti Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücumuna cəlb etməmək üçün hər şeyi edirlər.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. NATO ölkələri Ukraynanın nüvə obyektlərinə etdiyi hücumlar barədə ictimaiyyəti qəsdən məlumatlandırmır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalında bildirib.
"Düşünürəm ki, bu, Kiyev rejimindən nüvə obyektləri ilə bağlı gələn təhdidlər barədə öz ictimaiyyətini məlumatlandırmamaq üçün NATO ölkələrinin məqsədyönlü siyasətidir. Onlar diqqəti Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücumuna cəlb etməmək üçün hər şeyi edirlər" - o, deyib.

"ABŞ, Britaniya, Fransa, Almaniya mətbuatı rusiyalı ekspertlərin, jurnalistlərin, politoloqların bəyanatlarından, müsahibələrindən, şərhlərindən sözün əsl mənasında nüvə problemi ilə bağlı bəzi sözləri seçir, bunu kosmik miqyasda şişirdirlər, guya aqressiv mövqeyimizdən danışırlar" - Zaxarova əlavə edib.

Rusiya XİN-in sözçüsü daha əvvəl deyib ki, oktyabrın 26-da axşam Ukrayna Silahlı Qüvvələri (USQ) üç pilotsuz uçuş aparatı ilə Kursk AES-ə qəsdən hücum edib. Partlayıcı maddələrlə yüklənmiş PUA-lardan biri nüvə tullantıları anbarına çırpılaraq onun divarlarına ziyan vurub. Digər ikisi isə stansiyanın inzibati bina kompleksinin üzərinə düşüb.
İlkin məlumatlara görə, hücumda istifadə edilən PUA-larda Qərb ölkələrinin təchiz etdiyi komponentlərdən istifadə edilib. Zaxarova bildirib ki, bu hücum Kiyev rejiminin nüvə terroru aktları törətməyə hazır olduğunu göstərir və xarici hökumətləri və beynəlxalq təşkilatları Ukraynanın hərəkətlərini pisləməyə çağırıb.