BAKI, 3 noyabr — Sputnik. "Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında deyib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputat Fazil Mustafa Sputnik Azərbaycan-a deyib ki, bu, əslində dövri bir yanaşmadır: "Yeni əlifbanın icad edilməsinə ehtiyac yoxdur. Kim çoxdursa və kimin əlifbası daha çox nəşriyyat və digər sahələrdə böyük imkanlara malikdirsə, həmin əlifba əsas götürülməlidir. Bu, Türkiyə əlifbasıdır və vahid əlifba bunun əsasında qurulmalıdır".
Deputat bildirib ki, bütövlükdə vahid əlifba məsələsi çox önəmlidir: "Biz bu məsələdə bütün imkanları səfərbər edib, gec də olsa, müəyyən addımların atılmasına çalışmalıyıq".
"Amma indi bir xeyli gec olacaq, bu, həm də böyük maddi vəsait tələb edən məsələdir. Nə qədər məktəblərdə kitablar dəyişməlidir, təhsillə bağlı məsələlər dəyişməlidir. Ona görə də bu məsələdə çox ciddi narahatedici amillər var" - F.Mustafa əlavə edib.