SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollarından çox sərmayə qoyub

İlham Əliyev deyib ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirib.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir".
Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb.
Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.
İlham Əliyev bildirib ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub:
"Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir".
Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub.
"2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb", - deyə Prezident İlham Əliyev vurğulayıb.