BAKI, 3 noyabr — Sputnik. "Biz istiqlal savaşında qalib gəldik. Bizə qarşı yaranmış Böyük Ermənistan İttifaqı istəyirdi ki, Azərbaycanın müstəqilliyi məhdudlaşsın. Azərbaycan buna görə təqiblərə və təzyiqlərə məruz qaldı. İndi növbə savaşın real qəhrəmanları olan silahlı qüvvələrin hərbçilərinin həm məişət, həm də sosial problemlərinin həllinə gəlib. Biz imkan daxilində silahlı qüvvələrə ayrılan vəsaitləri artırmalıyıq".
Bu sözləri noyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
O qeyd edib ki, hər bir azərbaycanlının torpaqlarımızın işğaldan azad edilməsində misilsiz xidmət göstərmiş silahlı qüvvələrə, eləcə də Ali Baş Komandana borcu var. Onların sayəsində Azərbaycana qarşı silahlı savaş başa çatıb. Lakin yeni informasiya savaşı başlayıb.
"Bu informasiya savaşında da biz mütləq peşəkarların imkanlarından istifadə etməliyik. Çünki radikal revanşist qüvvələr Azərbaycana qarşı informasiya savaşında yaşadıqları ölkələrdəki peşəkarları işə cəlb edirlər, lobbi fəaliyyətinə üstünlük verirlər. Biz də xarici ölkələrdəki peşəkarları, informasiya sahəsindəki mütəxəssisləri informasiya savaşına cəlb etməliyik. Odur ki, lobbiçilik fəaliyyəti üçün də əlavə vəsait ayırmaq lazımdır" – Mollazadə deyib.
O əlavə edib ki, təkcə diplomatların və diasporanın imkanları ilə Azərbaycana qarşı aparılan bu informasiya savaşında və diplomatik müharibədə qalib gələ bilməyəcəyik.