Tibb sahəsində BM və tərəfdaşlıq: Sverdlovsk vilayəti Bakı ilə əməkdaşlığa hazırdır
Qubernator müavini bildirib ki, Sverdlovsk vilayəti və Azərbaycan tibbi avadanlıqların istehsalı üzrə birgə müəssisənin (BM) yaradılması məsələsinə baxır.
SputnikBAKI, 2 noyabr — Sputnik. Azərbaycanın tibbi avadanlıq bazarı sabitdir, ona görə də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin şirkətləri və istehsalçıları orada öz iştiraklarını genişləndirmək niyyətindədirlər.
Vilayət qubernatorunun müavini Vasili Kozlov bu barədə “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, bu gün Bakıda işə başlayan “Medinex” III Beynəlxalq Tibbi İnnovasiyalar sərgisində Sverdlovsk vilayətindən on şirkət iştirak edəcək. Bu şirkətlərdən bəziləri artıq Azərbaycanda fəaliyyət göstərirlər.
"Ağciyərlərin süni ventilyasiyası və tənəffüsün saxlanması üçün istifadə olunan demək olar ki, bütün avadanlıqlar Yekaterinburqda istehsal olunur. Biz perinatal və neonatal avadanlıqların istehsalında liderik. Biz reabilitasiya sahəsində necə işlədiyimiz barədə danışmağa hazırıq və Azərbaycan klinikalarını Sverdlovsk vilayətində keçirilən tədbirlərdə iştiraka dəvət edə bilərik. Elə təkcə sonuncu ay biz reabilitasiya ilə bağlı böyük seminar keçirdik”, – deyə Kozlov jurnalistlərə bildirib.
Bundan əlavə, qubernator müavini qeyd edib ki, ildə bir dəfə Yekaterinburqda Rusiyanın hər yerindən mütəxəssisləri birləşdirən böyük tibbi konfrans keçirilir. Kozlov azərbaycanlı həkim və klinikaları bu konfransda iştiraka dəvət edib. O, əlavə edib ki, Sverdlovsk vilayəti yüksək texnologiyalı tibbin mövcudluğu və əlçatan olması ilə məşhurdur.
Qubernator müavini onu da bildirib ki, Sverdlovsk vilayəti və Azərbaycan tibbi avadanlıqların istehsalı üzrə birgə müəssisənin (BM) yaradılması məsələsini nəzərdən keçirirlər.
"Azərbaycan ərazisində avadanlığın sertifikatlaşdırılması məsələsi var, o cümlədən reeksport məqsədi ilə. Azərbaycanda bu proses kifayət qədər mürəkkəbdir. Əgər Azərbaycan ərazisində istehsal olunursa, bazarın əlçatan olması və Türkiyə, İran və digər ölkələrə ixrac etmək imkanının mövcud olması vacibdir”, - deyə Kozlov qeyd edib.
Ticarət dövriyyəsi və logistika marşrutları
Qubernator müavininin sözlərinə görə, son illər Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi üzrə iqtisadi göstəricilər vəziyyəti heç də tam doğru əks etdirmir. O qeyd edib ki, vilayətlə respublika arasındakı ticarət dövriyyəsi 100 milyon dollar daxilində dəyişir.
"Sverdlovsk vilayəti Rusiyanın mərkəzində güclü bir bölgədir. Hər il regiondan 9 milyard dollarlıq məhsul ixrac edilir, təxminən 6 milyard dollarlıq məhsul idxal olunur. Bölgənin ixracının əsasını metallurgiya və maşınqayırma təşkil edir. Rusiyanın ən böyük mis emalı holdinqlərinin dördündən ikisinin baş ofisi Yekaterinburqda yerləşir”, - deyə Kozlov bildirib.
O, Sverdlovsk vilayətində alüminium müəssisələrinin fəaliyyət göstərdiyini, Azərbaycanda da alüminium profil istehsalının inkişaf etdiyini nəzərə alaraq, bu sahədə əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.
"Hələ 2019-cu ildə biz alüminium istehsalı sahəsində əməkdaşlığın qurulmasını təklif etmişdik, lakin koronavirus pandemiyası və texniki çətinliklər buna mane oldu. Ümid edirəm ki, biz bu məsələyə qayıdacağıq", - deyə o əlavə edib.
Qubernator müavini qeyd edib ki, Azərbaycanla Sverdlovsk vilayətinin əməkdaşlığında nəqliyyat-logistika sektorunda əməkdaşlıq da mühüm yer tutur.
Kozlovun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qollarından biri Sverdlovsk vilayətindən keçir. Buna görə də bir il əvvəl Yekaterinburq ətrafında quru liman adlanan güclü logistika infrastrukturunun yaradılması planları elan edilib.
“Bu, nəqliyyat qovşaqlarının, anbar komplekslərinin, o cümlədən e-ticarətin logistika kompleksidir və biz azərbaycanlı tərəfdaşlarımıza Rusiya ilə işləməyə yönəlmiş azərbaycanlı sahibkarlar üçün əlverişli olan nümunələrə uyğun olaraq bizimlə həmin logistika komplekslərini tikməyi təklif edəcəyik”, - deyə o əlavə edib.
Sverdlovsk vilayətindəki Azərbaycan diasporuna gəlincə, qubernator müavini qeyd edib ki, bu gün vilayətdə Azərbaycandan olan 50 minə yaxın insan var.
"Azərbaycanın Sverdlovsk vilayətində Baş Konsulluğu fəaliyyət göstərir. Uralda 126 millətdən olan vətəndaşlar yaşayır və onlar 92-94 dildə danışırlar. Azərbaycanlılar milli-mədəni muxtariyyətdə birləşiblər, bütün bayramlar qeyd olunur. Diaspor fəaldır, tədbirlər keçirir, gənclərə dəstək olur”, - deyə Kozlov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.