BAKI, 2 noyabr — Sputnik. Rusiyadan Azərbaycana 20 tondan çox çapaq balığı göndərilib.
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb ki, Rusiyanın Rostov vilayətindən Azərbaycana 20 tondan çox dondurulmuş çapaq balığı göndərilib.
"Rosselxoznadzor"un Rostov vilayəti üzrə İdarəsi ötən həftə Azərbaycana göndərilməsi nəzərdə tutulmuş 20 tondan çox çapaq balığını yoxlamadan keçirib. Monitorinq nəticəsində məhsulun baytarlıq-sanitar baxımından təhlükəsiz olduğu müəyyən edilib.
Xatırladaq ki, Rusiya bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub. İki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövründəki 2,5 milyard dollarla müqayisədə 3,1 milyard dollar təşkil edib.
2023-cü ilin doqquz ayı ərzində Rusiya Azərbaycana mal və xidmətlərin əsas tədarükçüsü olub və ölkənin Rusiyadan idxalı 2,2 milyard dollar təşkil edib. Azərbaycanın idxalında Rusiyanın payı demək olar ki, 18%-ə çatıb.