BAKI, 2 noyabr — Sputnik. Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözlərinin salınmasına müəllif tərəfindən reaksiya verilib. Sualın müəllifi "Master School" - Abituriyent hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbov öz X sosial şəbəkə hesabında bildirib ki, Aşıq Ələsgərin məşuqələrinə həsr etdiyi şeirləri artıq uşaqlara maraqlı gəlmir.
"Sualın müəllifi özüməm. Sualı "Master School" tədris mərkəzinin imtahanında istifadə etmişəm. Kifayət qədər poetik cümlədir. Fikirlər də bayağı deyil. Məqsəd uşaqlara, onların maraq dairəsinə uyğun nəsə etməkdir.Fikirlər bayağı olmadıqca, hər hansısa pis bir şeyi təbliğ etmədikcə problem yoxdur deyə düşünürəm. Artıq dövr də dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir", - deyə müəllif əlavə edib.
Qeyd edək ki, özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb.
Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb.
Onu da xatırladaq ki, imtahanlara salınan sualların mətnləri zaman-zaman qınaq obyektinə çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.