BAKI, 2 noyabr — Sputnik. Artıq Azərbaycanda əkin ərazilərinin 25%-dən çoxu sığortalıdır və bu, kifayət qədər yüksək göstəricidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov bildirib.
O diqqətə çatdırıb ki, hazırda aqrar sığorta sistemi ölkənin əkin ərazilərinin 96%-ni və istehsal həcminin 95%-ə qədərini əhatə etmək imkanına malikdir.
Firdovsi Ağaşirinov bildirib ki, aqrar sığorta sistemi fəaliyyətə başlamazdan əvvəl bitkiçilik məhsulları üzrə 7 min manat sığorta haqqı toplanıb. Aqrar Sığorta Fondu fəaliyyətə başladığı ildə, yəni 2021-ci ildə toplanmış sığorta haqqının məbləği 7 milyon manatdan çox olub:
"Toplanmış sığorta haqları müqabilində sığorta ödənişləri də artıb. Belə ki, 2020-ci ildə 29 min manat, 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat sığorta ödənişi həyata keçirilib".
Kənd Təsərrüfatı Nazirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim
© Sputnik / Xalid Mammadov
"Zərər çəkmiş fermerlərə 4 milyon manat kompensasiya ödəniləcək"
O qeyd edib ki, cari ildə havaların dəyişkən keçməsi ilə əlaqədar zərərlər artıb:
"2023-cü ildə iqlim dəyişikliyinin təsiri nəticəsində əlavə ödənişlər olacaq. Bu istiqamətdə xeyli ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu çərçivədə təxminən 4 milyon manatdan artıq təsdiqlənmiş ödənişlər mövcuddur. Fermerlər bu ödənişlərlə öz fəaliyyətlərini davam etdirəcək. Hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyir. Havaların qeyri-sabit keçməsi nəticəsində, fermer gözlədiyi gəlirdən məhrum oldu. Amma sığortalı fermerlər ödənişlərini aldılar və ziyana düşmədilər".
Qeyd edək ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün aqrar sığorta mövzusunda təlim keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Aqrar Sığorta Fondu haqqında
Xatırladaq ki, 2019-cu ildə Aqrar Sığorta Fondu təsis edilib.
"Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.
Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Aqrar sığorta sisteminin məqsədi:
Aqrar sığorta bazarı infrastrukturunun formalaşdırılmasına və inkişafına kömək göstərmək;
Aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək;
Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək;
Kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını təmin etmək;
Kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarına dəstək olmaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.