TƏHLİL

Paşinyanın qəbuledilməz prinsipləri: danışıqlar masası boş qalacaq?

Sputnik
BAKI, 1 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, sülh müqaviləsinin inkişafı çərçivəsində Azərbaycanla üç əsas prinsip üzrə razılığa gəliblər.
Paşinyan birinci prinsip kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasını göstərib. O bildirir ki, ikinci prinsip Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılıq, üçüncü prinsip isə keçdiyi ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların qarşılıqlılıq əsasında açılmasıdır.
Azərbaycan-Ermənistan arasındakı davam edən sülh prosesi ilə Paşinyanın açıqlamaları reallığı nə qədər əks etdirir?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Paşinyanın fikrində anti-Rusiya mövqeyi var
Millət vəkili Elman Nəsirov bildirir ki, Paşinyan üç prinsipdən danışır, ancaq bu o demək deyil ki, biz bunlarla razılaşmışıq: "Paşinyanın açıqladığı məsələlər bizim üçün yeni məlumat deyil. Ermənistan Baş naziri dəfələrlə Azərbaycnaın ərazi bütövlüyünü tanıdığını bildirib. Paşinyan 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların açılmasına razı olduğunu imzasıyla təsdiqləmişdi. Halbuki sonradan bunun icrasından yayındı. Ermənistan tərəfi istəyir ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində 1991-ci il sərhədləri əsas götürülsün. Amma burada incə bir məqam var. O kommunikasiyaların bərpa edilməsindən danışarkən dəhlizlərin keçdiyi ölkənin müvafiq qurumları tərəfindən ona nəzarət olunmalı olduğunu söyləyib. Bu fikrin özü 10 noyabr bəyanatında əks olunmuş müddəa ilə ziddiyyət təşkil edir. Həmin müddəada göstərilir ki, kommunikasiyaların təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir. Yəni, Paşinyanın dəhlizlərin yurdiksiyası ilə bağlı səsləndirdiyi fikrin özündə həm də anti-Rusiya mövqeyi var".
Millət vəkili Elman Nəsirov
Azərbaycan delimitasiya və demarkasiya prosesinin bu xəritələr əsasında keçirilməsini tələb edir
"Ermənistan Rusiyanın 102-c hərbi bazasının ləğvi, ölkənin KTMT-dən çıxması kimi yanaşmalar fonunda belə bir mövqe nümayiş etdirir. Hesab edirəm ki, bu açıqlamalar Rusiya tərəfindən süngü ilə qarşılanacaq. Kommunikasiyalarla bağlı məsələnin Paşinyanın iddia etdiyi prinsip üzrə həyata keçirilməsində maraqlı olmayacaq. Azərbaycan delimitasiya və demarkasiya prosesinin ötən əsrin 20-30-cu illərin xəritəsi əsasında keçirilməsini tələb edir. Ermənistan isə Sovet ittifaqının Baş qərargahındakı 1975-ci ilə aid xəritələr əsasında prosesin icra edilməsini istəyir", -deyə millət vəkili qeyd edib.
Politoloq Elşən Manafov Azərbaycanın ilk prinsipdən başqa, digər prinsiplər üzrə Ermənistanla razılığa gəlinməsini istisna edir. Onun sözlərinə görə, Paşinyanın ifadə etdiyi həmin prinsiplər Ermənistanın maraqlarına cavab verir:

"Çünki 1991-ci ilin məlum Alma-Ata bəyannaməsinə qədər Azərbaycan rayonlarının bir sıra kəndləri Ermənistan tərəfindən ələ keçirilib. Azərbaycan həmin torpaqların geri qaytarılması məsələsini qabarda bilər".

Reinteqrasiya təkliflərinə baxmarayaq ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər
Politoloqun sözlərinə görə, vacib məqamlardan biri də sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməsi məsələsidir:
"Dəhlizlərin həyata keçirilməsi məsələsinə gəldikdə isə onu qeyd etməliyik ki, Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Azərbaycan ərazisində Qarabağın erməni icmasının təmsil edəcək kimsə demək olar ki, qalmayıb. Reinteqrasiya təkliflərinə baxmarayaq ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. Bundan sonra Qarabağla Ermənistan arasında hansısa humanitar dəhlizin işlək olması üçün Laçın dəhlizinə artıq ehtiyac yoxdur. Yəni, bərabər dedikdə Zəngəzur dəhlizi açılacağı təqdirdə Azərbaycan da Laçın dəhlizini açacaqdı. Artıq Azərbaycan tərəfi bildirib ki, Zəngəzur dəhlizi onun üçün cəlbediciliyini itirib. Dəhlizin İran ərazisindən keçməsi ilə bağlı İran, Azərbaycan, Türkiyə arasında razılıq əldə olunub. Həmin ərazilərdə tikiləcək körpülərin, yolların tikintisi üçün vəsaitləri də ayırıb".
Paşinyan artıq getməkdə olan qatara bilet alıb minmək istəyir
Politoloq deyir ki, Paşinyan artıq getməkdə olan qatara bilet alıb minmək istəyir: "Ona görə də Ermənistan hökumət başçısının bu cəhdləri əbəsdir. Paşinyan başa düşdü ki, Azərbaycanın İran və Türkiyə ilə apardığı danışıqlar nəticəsində Ermənistan yenə bölgə ilə bağlı məlum geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalır".
Paşinyanın üç prinsipindən ikisi Azərbaycan üçün qəbuledilməzdir
"Paşinyanın əsas istəyi, Qərbin sifarişləri əsasında Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın maraqlarına uyğun gəlməyən bir vəziyyət yaranması idi. ABŞ hələ ilk gündən Zəngəzur dəhlizinin rentabelliyinə şübhə ilə yanaşaraq bu dəhlizin açılmasının əleyhinə idi. Çünki həm bu dəhliz, həm Şimal-Cənub dəhlizi ABŞ-ın maraqlarına cavab vermir. Ona görə də ABŞ Hindistandan başlayaraq İsrialin, Yaxın Şərqin daxil olacağı və Avropaya qədər uzanacaq bir dəhliz layihəsi ilə çıxış etmişdi. Bu özü də Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı ortaya atılıb. Bu baxımdan Paşinyanın üç prinsipindən ikisi Azərbaycan üçün qəbuledilməzdir və Azərbaycan tərəfinin bu şərtlər kontekstində Ermənistanla danışıqlar masasına oturmayacağını güman edirəm", deyə politoloq fikirlərini yekunlaşdırıb.