BAKI, 1 noyabr — Sputnik. Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. Təhsildəki nailiyyətləri əldə etməyə zaman lazımdırsa, qısa və səmərəli yollarla nələri həll edə bilərik sualına cavab tapmaq lazımdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.
Nazir bildirib ki, innovativ yanaşmalar məktəb vaxtları ilə müqayisədə bağça yaşlarından başlamalıdır: "Təhsildə nailiyyət qazanmağın qısa yolu isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Burada tədqiqat vacib rol oynayır. Hər il ölkədə 55 minə yaxın şəxs bakalavriat, 10 min nəfər isə magistratura təhsil alır. Yaxın gələcəkdə bu rəqəmlər bir az da artacaq. Ali təhsil müəssisələrində innovasiya sistemi vacib elementlərdir. İş axtaranların iş yaradan keçidi burada önəmlidir. Universitetlərin bu proseslə inkişaf arasında ciddi əlaqəsi var".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.
"Təhsildən tərəqqiyə" devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.
Təhsilin İnkişafı Forumu "NEQSOL Holding", bp şirkəti, "SOCAR", Sumqayıt Texnologiyalar Parkı, "ABB", "Azersun Holding" və "BestComp Group"un sponsorluğu ilə həyata keçirilir.