BAKI, 1 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Merkuri 1" gəmi-bərəsi əsaslı təmir olunub.
Səhmdar cəmiyyətin məlumatına görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəmi-bərənin baş mühərrikləri əsaslı təmir olunub, üç ədəd köməkçi mühərrikindən ikisi yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip 1 ədəd "Inmarsat-C" peyk rabitə terminalı, 2 ədəd mobil ultraqısa dalğalı (UQD) radiostansiya, 1 ədəd dərinlik ölçən exolot, iki ədəd stasionar UQD radiostansiya üçün antenna, bir ədəd elektron xəritə (ECDİS), radiolokasiya stansiyası (RADAR) və girokompas quraşdırılıb.
Eyni zamanda "Merkuri 1" gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.