CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra ölkələrdən Azərbaycana heyvan məhsullarının idxalına məhdudiyyət qoyulub

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentlikdən bildiriblər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-ın Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xatırladaq ki, bundan öncə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətində blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.