PAYTAXT XƏBƏRLƏRİ

Bakının çoxmərkəzli inkişaf planı necə qurulacaq?

Mərkəzi Planlaşdırma Rayonu Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq. Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq:
"Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub. Eyni zamanda, şəhər mərkəzindən yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı 6 alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək".
Sputnik Azərbaycan Bakıda çoxmərkəzliliyin necə formalaşdırılacağını araşdırıb. Komitədən bildiriblər ki, bu hələki layihə olduğundan ictimaiyyətə geniş açıqlanmır. Bununla belə nəzərdə tutulacaq məsələlər , "Bakı şəhərinin Baş Planı 2040" sənədində öz əksini tapıb.
"Bakı şəhərinin Baş Planı-2040" sənədinə görə, Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Baş Plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünüb:
Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
Komitədən bildiriblər ki, sənədin icrasını müvafiq qurumlar yerinə yetirəcək. Bundan sonra bütün iş yerlərinin şəhərin mərkəzində cəmləşməsinin qarşısı alınacaq. Baş Planda metro nəqliyyatı sisteminin inkişafı, dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişafı, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı, velosiped yolları şəbəkəsinin yaradılması və inkişafı, tranzit qovşaqların yaradılması və inkişafı, xüsusi ictimai nəqliyyat zolaqları şəbəkəsinin genişləndirilməsi və inkişafı öz əksini tapıb.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb.