BAKI, 1 noyabr - Sputnik. 2024-cü ildə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1 000 manatdan 2 500 manata qaldırılması, fiziki şəxs olan istehlakçıların ödədiyi ƏDV-nin geri qaytarılmasına görə əldə olunan gəlirlərin rəsmi şəkildə vergidən azad edilməsi nəzərdə tutulur.
2024-cü ildə Azərbaycan sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və bununla da, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi də nəzərdə tutulur.
Belə ki, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 %-dən 15 %-ə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi planlaşdırılır.