İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı saldı

Qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
Mərkəzi Bankdan bildiriblər ki, qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam edib. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda olmaqla 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olub.
Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcək. Yuxarı qeyd olunan xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaq.
Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq.