BAKI, 31 oktyabr — Sputnik. Gülüstan sarayında Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşib.
Tədbirdə çıxış edən musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, elmi işlər üzrə prorektoru və "Konservatoriya" elmi jurnalının baş redaktoru Lalə Hüseynova musiqişünaslarin qonorar probleminə toxunub. Onun sözlərinə görə, musiqişünaslar musiqi tariximizi araşdırması üçün onlara maddi yardım edilməlidir. Bu, gənc musiqişünaslar üçün stimul olacaq.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə musiqi təhsili sistemində böhran prosesi keçdiyini bildirib: "Təəssüf ki, gənc musiqişünaslar musiqi tarixini araşdırarkən ötən əsrdə olan musiqiçiləri, musiqiləri araşdırırlar. Amma 21-ci əsrdə olan musiqilərimiz araşdırılmayıb".
Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova bildirir ki, hər il müxtəlif universitetlərdə xeyli sayda musiqişünas məzun olur. Halbuki onların heç biri sonradan heç bir araşdırma ilə məşğul olmur: "Sual yaranır: bu qədər musiqişünasa ehtiyac varmı? Onların içində bir-iki nəfər bu sahə ilə məşğul olur. Yaxşı olar ki, televiziyada, mediada musiqi təndiqi ilə bağlı verilişlər hazırlansın, yazılar yazılsın ki, əhalimizin musiqi savadı artsın. Bundan başqa, musiqişünaslarimiz dünyaya çıxmalıdır. Təəssüf ki, nə sovet dövründə, nə də indi heç bir musiqişünas Azərbaycan musiqinin araşdırmasını dünyada tanıtmayıb".