SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçirilir

Azərbaycan toponimlərinin dəyişdirilməsi total soyqırımı hadisəsidir. Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir -, akademik bildirib.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 31-də Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçirilir.
Bununla bağlı məsələ parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılıb.
"Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə komitənin sədri və üzvləri, həmçinin AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, akademik İsa Həbibəyli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli iştirak edirlər.
Komitə sədri: Azərbaycan xalqının arzuları bir-birinin ardınca reallığa çevrilir
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsində Qarabağdakı 4 ərazinin adının dəyişdirilməsi barədə sərəncam verdi. Sərəncam əsasında Madagiz Suqovuşan (Tərtər), Vəng kəndi Çinarlı (Xocavənd), Quşçubaba kəndi Baharlı (Xocalı), Tsakuri kəndi isə Hünərli (Xocavənd) adlandırıldı.
Azərbaycanın müstəqillik yolunda keçdiyi şərəfli yoldan danışan komitə sədri xalqımızın ürəyindəki arzuların bir-birinin ardınca reallığa çevrildiyini bildirib. Müstəqilliyimizin, suverenliyimizin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan S.Novruzov Ümummilli Liderin vaxtilə çıxışlarında Ermənistan hökuməti tərəfindən tarixi Azərbaycan torpaqlarında toponimlərin dəyişdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini deyib. Vurğulayıb ki, Ulu Öndərin həmin fikirləri bizim üçün yol xəritəsidir.
İsa Həbibbəyli: Sovet dönəmində Azərbaycana məxsus 663 toponim dəyişdirilib
AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, akademik İsa Həbibbəyli deyib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə ölkəmiz qarşısında tamamilə yeni reallıq qoyub. Dövlətimizin başçısı müəllifi olduğu bu konsepsiya ilə qətiyyətli və vətənpərvər Lider olduğunu bir daha sübut etdi.
Akademik diqqətə çatdırıb ki, sovet dönəmində Azərbaycana məxsus toponimlərdən 663 adının dəyişdirilməsi hadisəsi baş verib. Bu da Azərbaycan toponimlərinə qarşı soyqırımı deməkdir.
"Bu proses ilk dəfə 1924-cü ildə başlayıb və çar Rusiyası tərəfindən Gümrü şəhəri əvvəlcə Aleksandropol, sonra isə Leninakan adlandırılıb. 1935-ci ildə Ermənistan ali soveti tərəfindən ümumilikdə 76 yaşayış yerinin adı dəyişdirilib. 1946-cı ildə bu proses pik həddə çatıb. Bu isə Azərbaycan toponimlərinin tamamilə ləğv olunması idi", - deyə akademik bildirib.
İsa Həbibbəyli deyib ki, 1988-1991-ci illərdə azərbaycanlılar öz tarixi torpaqlarından zorla qovulandan sonra daha 90 toponimin dəyişdirilməsi barədə qərar verilib.
O bildirib ki, Azərbaycan toponimlərinin dəyişdirilməsi total soyqırımı hadisəsidir. Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Ölkəmizin Vətən müharibəsindəki Zəfəri və sentyabr ayındakı lokal xarakterli tədbirlərlə öz ərazi bütövlüyünü tam bərpa etdiyini bildirən İsa Həbibbəyli tarixin qorunub saxlanılması, toponimlərimizin bərpası istiqamətində Toponimiya komissiyasının fəaliyyətindən söz açıb, görüləcək işlər barədə danışıb.
Əziz Ələkbərli: Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli bildirib ki, son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular.
İcma sədri bildirib ki, Ermənistan SSR-in verdiyi fərmanla 1978-ci il yanvarın 25-də 93 yaşayış məntəqəsinin adı dəyişdirilib.
Bu toponimlərin dəyişdirilməsinin hüquqazidd olduğunu diqqətə çatdıran Ə.Ələkbərli Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlandığını deyib. Bildirib ki, xəritədə köhnə yer adları əks olunub.
O bildirib ki, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bunun alternativi yoxdur və bizim toponimlərimiz əvvəlki adı qaytarılmalıdır. Bu, sosial sifariş və o torpaqlarda yaşayan vətəndaşlarımızın insani hüququdur.
"Əsas vəzifəmiz tarixi izlərin bərpasıdır", - deyən Ə.Ələkbərli Qayıdış Konsepsiyasının 5 bənd və 10 yarımbənddən ibarət olduğunu diqqətə çatdırıb.
İcma sədri bu konsepsiyanın həyata keçirilməsində birliyin, həmrəyliyin əhəmiyyətini vurğulayıb.