DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Klimatoloqlar Yer kürəsində həyat üçün ekzistensial təhlükə elan ediblər

Əsrin sonuna qədər üç-altı milyard insan özlərini yaşayış üçün əlverişli bölgələrdən kənarda hiss edə bilər.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Beynəlxalq iqlimşünaslar qrupu iqlim dəyişikliyinin hazırda Yer kürəsində həyat üçün "ekzistensial təhlükə" yaratdığını bildirib. Onların fikrincə, 2023-cü ildə baş verən çoxsaylı temperatur rekordları və hava fəlakətləri böhran vəziyyətindən xəbər verir.
"Gazeta.ru" "BioScience" elmi jurnalında dərc olunan araşdırmaya istinadən bu barədə xəbər verib.
2023-cü ilin bütün müşahidə illəri tarixində ən isti il olacağı gözlənilir. Planetin bəzi bölgələri həddindən artıq isti dalğalarla, digərləri daşqınlarla, digərləri isə hər ikisindən təsirlənib.
İqlim araşdırması planetin 35 "həyati əlaməti" ilə bağlı son məlumatlara baxıb. Alimlərin fikrincə, bu il onlardan 20-si rekord səviyyəyə çatıb.
Avropa Birliyinin "Kopernik" iqlim monitorinqi xidməti bildirib ki, üç yay ayı bütün müşahidə dövrünün tarixində qeydə alınan ən isti dövr və ehtimal ki, təxminən, son 120 min ilin ən isti dövrü olub.
Hesabatda deyilib ki, 2023-cü ildə bir çox iqlim rekordları, xüsusən də texnogen karbon emissiyalarının səbəb olduğu həddindən artıq istiliyin demək olar ki, hamısını udan okeanlardakı temperaturlar, "böyük fərqlərlə" yeniləniblər.
Tədqiqata görə, potensial ciddi nəticələr dəniz həyatına və mərcan riflərinə təhlükə yaratmaqla yanaşı iri tropik fırtınaların intensivliyinin artmasını da əhatə edir.
Hesabat müəllifləri bildiriblər ki, 2023-cü ilə qədər - orta qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 1,5°C-dən çox olduğu günlər nadir halda baş verirdi. Bu il sentyabrın ortalarına qədər artıq 38 belə gün qeydə alınıb.
Alimlər onu da vurğulayıblar ki, əsrin sonunda üç-altı milyard insan özlərini yaşayış üçün əlverişli bölgələrdən kənarda hiss edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.