BAKI, 31 oktyabr - Sputnik. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Gömrük Forumu keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iki gün davam edən tədbirdə ölkəmizi DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forumun əsas missiyası xarici iqtisadi fəaliyyətin inkişafı məqsədilə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi üçün səmərəli platformanın qurulmasıdır.
Forumda beynəlxalq iqtisadi əməkdaşlığın perspektivləri, tranzit imkanları, gömrüyün strateji inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Forum çərçivəsində DGK sədri Şahin Bağırovla Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov arasında görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə edilib. Həmçinin tərəflər şimal-cənub nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, “sadələşdirilmiş gömrük dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparıblar.
Daha sonra "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş” imzalanıb.