BAKI, 30 oktyabr — Sputnik. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 30-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçın şəhəri bu gün 20 ailəyə qucaq açıb və daha 70 laçınlının yurd həsrəti bitib.
31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri iştirak ediblər.
Ailələr sevinc hissi ilə evlərinin açarlarını təhvil alıblar.
Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.