BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş müəllimi Səfail Verdiyev "Azərenerji" ASC-yə məxsus "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) mazut çənlərinin çökməsini aşkarlayıb. Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti məlumat yayıb.
Məlumata görə, o, bunu "Azərbaycan istilik elektrik stansiyalarının deformasiyalarının geodezi monitorinqi" mövzusunda keçirilən elmi seminarda bildirib.
Müəllimin sözlərinə görə, İES-də iki ədəd tüstü borusunun şaquldan sapmasını təyin etmək üçün lazer skaynerlər, elektron taxometrlər vasitəsilə ölçmələr aparılıb. Bu ölçmənin nəticələri ölkədən kənarda aparılan deformasiyaların ölçmə nəticələri ilə müqayisə olunub, vaxtında təklif və tövsiyələr verilib.
O, çıxışında Azerbaycanın enerji istehsalı ilə məşğul olan mühəndis qurğularının deformasiyasının vaxında aşkarlanması, baş verə biləcək qəzanın öncədən praqnozlaşdırılması kimi vacib məqamlara toxunub, bu işlərin kompleks şəkildə tədqiq olunmasının vacibliyinə diqqət çəkib.
"Ölkəmiz coğrafi cəhətdən seysmoaktiv bölgədə yerləşir və stansiyaların olduğu ərazilər geoloji struktur, iqlim, tektonik hərəkətlilik baxımından kifayət qədər mürəkkəbdir. Bu səbəbdən də deformasiya ölçmələrinin aparılması olduqca zəruridir", - deyə S.Verdiyev məruzəsində qeyd edib.
Deformasiyaların geodezi monitorinqinin klassik geodezi metodları və ya müasir ölçmə texnologiyalarının imkanlarından istifadə etməklə yerinə yetirdiyini bildirən müəllim bu monitorinqlərin böyük qəzaların qarşısını aldığını, İES-lərin idarə olunmasını asanlaşdırdığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.