"Amma nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz. Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də, 2023-cü ilin oktyabrını əminliklə ən isti adlandırmaq olar".