BAKI, 29 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.
Putin Ərdoğana təbrik teleqramı göndərib. Teleqramda Rusiya prezidenti Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
“Əziz dostum, Türkiyə Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ötən əsrdə ölkəniz bir çox çətinliklərin öhdəsindən gəlib, iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara nail olub. Türkiyə dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.
Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir - bunu bizim bu yaxınlarda Soçidəki görüşümüz də tam təsdiq etdi. Müxtəlif sahələrdə əməkdaşlıq yaxşı gəlir gətirir, böyük birgə layihələr sistemli şəkildə həyata keçirilir. Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində səyləri uğurla koordinasiya edir.
Əminəm ki, biz dost xalqlarımızın rifahı naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini bundan sonra da ardıcıl şəkildə inkişaf etdirəcəyik. Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə Kremlin saytında dərc olunan teleqramda qeyd olunub.