İQTİSADİYYAT

Dünyadakı qıtlıq Azərbaycanda da şokoladın qiymətinə təsir edəcək

İqtisadçı bildirir ki, dünyada baş verən bahalaşma bizə də təsir edir
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Bu gün dünya bazarında durmadan qiyməti qalxan məhsullardan biri də şokoladdır. İqlim şəraiti və kəskin istilərin müşahidə olunması ilə əlaqədar şokoladın əsas vətəni hesab edilən və xammalın hazırlandığı Fil Dişi Sahili Respublikası və Qanada kakao məhsullarının qıtlığı yaşanıb. 2050-ci ilədək hətta kakao məhsulları plantasiyalarının məhv olunacağı da proqnozlaşdırılır.
Maraqlıdır, hazırda davam edən proseslər Azərbaycana necə təsir edir?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarına təsirsiz ötüşmür: "Bu təsiri biz kofe, kakaoda da görə bilərik. Hər 10-15 ildən bir məhsuldarlıqla bağlı problem olur. Düşünürəm ki, hansı ərazilərdə şokolad istehsalı azalacaqsa, digər istehsalda artım olacaq. Lakin etiraf edək ki, plantasiyaların getdikcə azalması, məhsuldarlığın az olması qiymət artımına təsir edəcək. Bu vəziyyət Azərbaycana da təsir edəcək. Çünki ölkəmizin belə bir imkanı yoxdur. Biz şokolada görə də xaricdən asılıyıq. Təkcə iqlim dəyişikliyi yox, geosiyasi gərginliklər də bu vəziyyətə, qiymətə təsir edəcək. Hazırda da qiymət artımı tempi var və biz bunu yaxın gələcəkdə də müşahidə edəcəyik".
İqtisadçı-ekspert Xalid Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan idxaldan asılıdır: "Biz istehsal prosesində iştirak etmirik. Azərbaycan ancaq şokolad istehsalının dəyər zəncirində iştirak edir. Fındıq istehsalçılarımızın məhsullarının satış bazarlarından biri elə şokolad alıcılarıdır".
"Azərbaycan ənənəvi olaraq fındıq istehsalında beşinci yerdərir. Azərbaycan dünya fındıq istehsalında önəmli paya malikdir. Lakin bununla belə dünyada baş verən bahalaşma bizə də təsir edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, cari ilin əvvəli ilə müqayisədə bazarda şokoladların qiymətində nəzərəçarpacaq artım var.
Xatırladaq ki, ötən il ərzində ölkəyə 95 248,1 min ABŞ dolları dəyərində 27 251, 4 ton şokolad və şokolad məhsulları idxal edilib.