BAKI, 28 oktyabr - Sputnik. İranda məcburi hicab qaydalarına əməl etmədiyinə görə Əxlaq polisi tərəfindən döyülən 16 yaşlı Armita Gəravənd 28 gün komada qaldıqdan sonra vəfat edib.
Bu barədə məlumatı IRNA yayıb.
“Armita Gəravənd geniş tibbi yardımlara baxmayaraq, 28 gün xüsusi rejimli xəstəxanada qaldıqdan sonra dünyasını dəyişib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qalıb.
Oktyabrın 23-də CNN Armitanın beyin ölümünün baş verdiyinə dair xəbər dərc edib.
“Guardian” iki şahidin sözlərinə istinadən yazıb ki, Armita Gəravənd metro vaqonuna minərkən qadın polis onunla mübahisə etməyə başlayıb. Armita yerə yıxılarkən artıq huşunu itiribmiş.
“Amnesty International” Armita Gəravəndin "Əxlaq polisi"nin hücumuna məruz qaldıqdan sonra komaya düşdüyünü bildirir.
İran hakimiyyəti isə onun huşunu itirərək yıxılmasının səbəbini təzyiqinin aşağı düşməsi ilə əlaqələndirib (APA).