BAKI, 27 oktyabr — Sputnik. Dünyada məşhur olan mətbəx masa üstlərinin istehsalında süni daşdan istifadə ağciyər xəstəliyi olan silikoz riski yaradır.
Bu barədə Avstraliyanın "Safe Work Australia" təşkilatının cümə günü dərc olunmuş məruzəsində qeyd edilib.
"Süni daşla uzun müddət işləmək işçilər üçün qəbuledilməz risk yaradır. Hər növ süni daşlardan istifadə qadağan edilməlidir", - məruzədə deyilir.
Ekspertlərin sözlərinə görə, süni daşı emal edilərkən təhlükəli silikoz tozu ağciyərlərə nüfuz edir və boğulmalara səbəb olur.
Bununla əlaqədar, "ABC" yayım korporasiyası saytının verdiyi məlumata görə, əmək münasibətləri üzrə nazir Toni Börk Avstraliyanın federal və əyalət hökumətləri səviyyəsində bu il problemin həlli üçün atılan addımları müzakirə etməkdən ötrü görüş keçirəcəklər.
"Yekun məruzə təsirli və inandırıcıdır. Bu, işçiləri ölümcül xəstəlikdən qorumaq üçün niyə əlavə tədbirlərə ehtiyac duyduğumuzu çox aydın şəkildə göstərir", - deyə "ABC" saytı nazirin sözlərindən sitat gətirib.
Bu yaxınlarda bildirilib ki, Yeni Cənubi Uels ştatında süni daşın emalı ilə məşğul olan və təhlükəli ağciyər xəstəliyinə yoluxan 200-ə yaxın insan müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.