BAKI, 27 oktyabr — Sputnik. ABŞ-ın Suriyadakı iki hədəfə endirdiyi zərbələr fonunda Rusiya Federasiyasının hərbi əməliyyatlara cəlb olunacağı ilə bağlı heç bir narahatlıq yoxdur, lakin Fələstin və İsrail arasında münaqişə regionda gərginliyə səbəb olur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda belə bir narahatlıq yoxdur. Zərbələrə gəlincə, ümumilikdə bu kritik gərginlik və Fələstin-İsrail müharibəsi, əlbəttə ki, regionda daha geniş kontekstdə gərginliyə səbəb olur. Bu, çox pisdir", - Peskov Rusiya hərbçilərinin münaqişəyə cəlb oluna biləcəyi ilə bağlı hər hansı narahatlıqların olub-olmadığı sualına cavabında deyib.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, ABŞ qüvvələri prezident Co Baydenin göstərişi ilə Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranyönlü qrupların istifadə etdiyi iki hədəfə zərbələr endirib. O, ABŞ-ın zərbələrinin Fələstin-İsrail münaqişəsi ilə bağlı olmadığını vurğulayıb.
Pentaqonun sözçüsü ABŞ-ın Suriyadakı hədəflərə zərbələrinin İsraillə koordinasiya edilmədiyini də təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.