BAKI, 26 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin növəti stansiyasında tikinti işlərinin daha bir mərhələsi yekunlaşdırılıb. Qurumdan verilən məlumata görə, Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə Kliniki Tibbi Mərkəz arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.
Bakı Metropoliteninin Tikinti departamentinin baş mühəndisi Vəli Musayev jurnalistlərə açıqlamasında bildiriib ki, 2025-ci ilin birinci yarısında stansiyanın təhvil verilməsi nəzərdə tutulub.
Bakı Metropoliteninin Mətbuat Xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, metronun 28-ci, yeni stansiyasının adı ilə bağlı təkliflər verilib.