Parklanma qiymətləri "ceyranın belində" - Tariflər nə vaxt dəyişəcək?
Sürücülər, ekspertlər və deputatların fikrincə, AzParking tətbiqi insanları soymaqla məşğuldur. parklama yerlərində maşınların təhlükəsizliyinə isə heç bir təminat yoxdur.
SputnikBAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma tariflərinin yüksək olması ilə bağlı iddialara cavab verib.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.
"Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb" - cavabda bildirilir.
Qeyd edək ki, parklanma tariflərinin baha olması narazılığa səbəb olub. Bu günlərdə Milli Məclisdə parklanma qiymətlərinə yenidən baxılması təklif olunub. Deputat Naqif Həmzəyev deyib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır:
"Uzun müddət parklanma edən vətəndaşlara güzəşt nəzərdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakinlərinin maşınlarına yer yoxdur".
Sürücülər də parklanma qiymətlərindən narazıdır
Sürücülər də paytaxtda bir neçə saat avtomobil parklanmasına görə 4-5 manat ödəniş etməli olduqlarını söyləyirlər. Bakı sakini Ülkər Abdullayeva Sputnik Azərbaycan-a bildirib ki, ötən həftə avtomobilini şəhərdə 4 saat 1 dəqiqə park etdiyi üçün 5 manat ödəniş etməli olub. Onun sözlərinə görə, avtomobili olan Bakı sakinlərinin bir neçə saat parklanmaya görə 4-5 manat ödəməsi fantastik məbləğdir.
"Əgər kiminsə şəhərdə bir neçə saatlıq vacib işi varsa, avtomobil parklanmasına görə 4-5 manatından keçməlidir. Halbuki, parklanma tarifləri təsdiqlənməzdən öncə müddətdən asılı olmayaraq parklanma yerlərində nəzarətçilərə 50 qəpik, 1 manat verməklə avtomobili rahat park etmək olurdu. Belə çıxır ki, yeni qaydalar vətəndaşların cibini soymağa hesablanıb. Bir saat parklanmaya görə 1 manat tarif hansı əsasla müəyyənləşdirilib?" - Ü.Abdullayeva deyib.
O, əlavə edib ki, sürücü parklanma üçün yeri əvvəldən bron etməlidir. Əgər sürücü parklanma yerini tərk edərkən "son" sözünü yazaraq müvafiq nömrəyə mesaj göndərmirsə, parklanmaya görə borc hesablanmaqda davam edir: "Əgər kimsə həmin mesajı göndərməyi unudursa, belə çıxır ki, hesablanan borcu ödəməlidir".
Ü.Abdullayeva uzun müddət parklanmadan istifadə edən sürücülərə heç bir güzəşt edilməməsinin də düzgün olmadığı qənaətindədir. Onun fikrincə, parklanma tarifləri müəyyənləşərkən bu məqamlar mütləq nəzərə alınmalı idi:
"Tədbirlər, işlərlə bağlı tez-tez maşını şəhərin mərkəzi küçələrində parklamalı oluram. Azparking tətbiqi işə başlayandan sonra rəsmən soyuluruq. Hər gün bu tətbiqə parklamaya görə 5-6 manat ödəməli oluruq. Bəzən parklama yerindən ayrılarkən "son" yazıb 1181-ə göndəririk. Cavab gəlir ki, parklama məntəqəsi tapılmadı. Yenidən cəhdlər edirik. Bu arada sistemdə problem yaransa, deməli, biz əlavə ödəniş etməli olacağıq. Üstəlik, belə bahalı parklamaya görə maşınlarımızın təhlükəsizliyinə də diqqət yetirilmir. Bu günlərdə həmin parklama yerində maşınımı cızıblar. Əvvəllər heç olmasa, küçə nəzarətçiləri maşınlara nəzarət edirdilər."
Tariflərə yenidən baxılmalıdır!
Deputat Fazil Mustafa da Sputnik Azərbaycan-a bildirib ki, parklanma tarifləri çox bahadır. Üstəlik, paytaxtda parklanma yerlərinin sayı çox azdır. Burada rəqabət mühiti təmin olunmalıdır.
Deputat əlavə edib ki, ictimai nəqliyyat vasitələrinin alternativi olmadığından, insanlar şəxsi avtomobillərə üstünlük verir: "Parklanma yerlərinin az olması sürücülərə problem yaradır. Onlar parklanma olmayan yerlərdə avtomobil saxladıqlarına görə cərimə olunurlar. Parklanma ərazisində saxlayanda isə xeyli vəsait ödəməli olurlar. Bu tariflərə yenidən baxılmalıdır".
Qiyməti baha qoyublar ki, şəhərin mərkəzinə az avtomobil daxil olsun!?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabineti tərəfindən təsdiq olunan nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydaları ilə bağlı müəyyən narazılıqların olduğunu təsdiqləyib. O, bildirib ki, sürücülər qiymətlərin baha olmasından şikayətlənirlər. Parklanma yerlərində uzun müddət saxlayanlara güzəşt məsələsi təklif olunsa da, aidiyyatı qurumlar bunun əksini düşünür. Dövlət qurumunun qənaətinə görə, parklanma yerləri çox məşğul edilməməlidir ki, digər insanlar da parklanmadan yararlana bilsin.
"Səlahiyyətli qurumdan bildirilir ki, insanların şəhərin mərkəzinə avtomobillə gəlməsi arzuolunan deyil, şəhər piyadalar və parklanma üçün nəzərdə tutulub, vətəndaşlar bunu diqqətdə saxlasınlar. Bu zaman vətəndaş avtomobillə şəhərə gəlmək istədiyini, buna hüququnun olduğunu deyə və şərait yaradılmasını tələb edə bilər" - E.Muradlı söyləyib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində şəxsi avtomobillərdənsə ictimai nəqliyyata üstünlük verilir:
"Lakin həmin ölkələrdə ictimai nəqliyyat saat kimi işləyir. İnsan şəhərətrafına kimi maşınla gəlir, sonra avtomobili kənarda saxlayır və metro, avtobus, tramvay, həmçinin digər nəqliyyat növləri ilə şəhərə rahat daxil olur. Bizdə isə belə bir sistem olmadığı üçün vətəndaşlara problem yaranır".
Ekspert bildirib ki, insanların şəhər mərkəzində avtomobildən az istifadə etməsi üçün nəqliyyat normal işləməlidir:
"Bizdə isə nəqliyyatın vəziyyəti göz qabağındadır. Bu gün vətəndaşları ictimai nəqliyyat vasitələrindən istifadə etməyə məcbur edirik. Amma indiki vaxtda ictimai nəqliyyat növləri normal vəziyyətdə deyilsə, onlardan bunu israrla istəyə bilmərik. Olmayan vasitədən necə yararlanmaq mümkündür?"
Bakıda parklanma tarifləri
Qeyd edək ki, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.Yeni təsdiqlənmiş qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpikdir. Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilir.
Parklanmaya görə ödəniş necə edilir?
Məlumat üçün onu da bildirək ki, bu ilin avqust ayının 7-dən etibarən Bakıda "AzParking" mobil tətbiqi istifadəyə verilib. Həmin tarixdən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadəyə verilən "AzParking" mobil tətbiqinə daxil olmaq üçün müvafiq xanaya əlaqə nömrəsi qeyd olunur. Daha sonrakı xanaya həmin nömrəyə SMS olaraq göndərilən təsdiq kodu daxil edilir. İstifadəçilər parkinq bölməsindən onlara ən yaxın və uyğun parklama yerini seçərək sifarişlərini təsdiqləyə bilərlər. Parklanma yeri seçildikdən sonra avtomobil seçimi bölməsinə daxil olmaqla sıralamaya uyğun müvafiq xanalar doldurulur. Ödənişlər bölməsindən isə ödənişi həyata keçirtmək mümkündür.
Burada "sonradan ödəniş" hissəsi də var. Parklanmaya start verdikdən sonra parklama müddəti başlamış hesab edilir. Parklama müddətini yekunlaşdırdıqda "Dayandır və ödə" düyməsinə klikləmək lazımdır. "Qəbul et" Düyməsinə sıxmaqla əməliyyat yekunlaşdırılır. Ödəniş üsulu təyin olunur və təsdiq düyməsi sıxılır. Parklama müddəti üzrə ödəniş balansdan çıxılır. "Milliün", "eManat" vasiəsilə pul kisəsindəki balansı artırmaq mümkündür. "AzParkinq"ə istənilən sayda nəqliyyat vasitəsi, kartlarım böləsində isə bank kartlarını əlavə etmək olur.