BAKI, 26 oktyabr — Sputnik. Şengen zonasının genişləndirilməsi hazırda mümkün deyil. Bu, Avstriyanın aydın mövqeyidir.
"RİA Novosti" xəbər verib ki, bu sözləri Bolqarıstanın baş naziri Nikolay Denkovla ikitərəfli danışıqların nəticələrinə dair açıqlamada respublikanın kansleri Karl Nehammer söyləyib.
Onun sözlərinə görə, bu mövqe Bolqarıstan və ya Rumıniyaya qarşı yönəlməyib. Siyasətçi Şengen zonasında böyük problemlərə işarə edərək, bu qərarı təhlükəsizlik məsələsi kimi izah edib.
Şengen sistemi hazırda "sındırılıb". Nehammer qeyd edib ki, Şengen üzvü olan on bir ölkə ikitərəfli sərhəd nəzarəti həyata keçirir.
"Hazırda bizdə öz tələblərinə cavab verməyən Şengen sistemi var. Şengen o deməkdir ki, daxili sərhədlərdə heç bir nəzarət tələb olunmur", - deyə o bildirib.
Karl Nehammer, həmçinin Aİ-nin xarici sərhədlərində təhlükəsizliyin təkmilləşdirilməsinə çağırıb.
Əvvəllər bildirilmişdi ki, İtaliya Sloveniya ilə sərhəddə sərhəd nəzarətini tətbiq etdikdən sonra gələcəkdə sərhəd nəzarətini gücləndirə bilər.