DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

UNICEF: Münaqişənin kəskinləşməsindən bəri Qəzzada 2,3 mindən çox uşaq həlak olub

"Save the Children" isə hesab edir ki, münaqişə tərəflərinin siyasətçiləri uşaqların həyatını qorumaq üçün hərəkətə keçməlidirlər və zorakılığı dayandırmaq lazımdır.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bəri 2360 uşaq həlak olub.
Bu məlumatı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) təqdim edib.
5364 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Münaqişə 18 gündür davam edir və bu müddət ərzində hücumlar praktiki olaraq dayanmayıb.
"Qəzzada hər gün 400-dən çox uşaq yaralanır və ya öldürülür", - hesabatda deyilir.
İsraildə eyni vaxtda 30-dan çox uşaq ölüb. Onlarla uşaq Fələstinin radikal HƏMAS hərəkatının əsirliyindədir.
Bundan əvvəl "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edib. Onun nümayəndələri bildiriblər ki, münaqişə tərəflərinin siyasətçiləri uşaqların həyatını qorumaq üçün hərəkətə keçməlidirlər. İlk növbədə danışıqlar masası arxasına əyləşib zorakılığı dayandırmaq lazımdır.