BAKI, 25 oktyabr — Sputnik. Ağ Evin rəhbəri Co Baydenin Ukrayna və İsrailə yardım üçün 106 milyard dollar ayırmaq tələbi ABŞ Senatında rədd edilə bilər.
"Politico" bu barədə yazıb.
Nəşrin yazdığına görə, Amerika lideri Respublikaçılar Partiyasındakı qarşıdurmalar səbəbindən "çətin vəziyyətə" düşüb. Bu fikir ayrılıqları maliyyələşdirmə sorğusunun rədd edilməsi və ya kəskin şəkildə dəyişdirilməsi ilə nəticələnə bilər.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, respublikaçılar İsrail və Ukraynaya kömək etmək lazım olub-olmaması barədə fikir ayrılığına malikdirlər. Eyni zamanda, bir çox qanunvericilər miqrasiya siyasətinə daha çox diqqət yetirməkdə israrlıdırlar.
"Politico"ya görə, hətta Kiyev və Tel-Əvivi dəstəkləyənlər də Baydenin sorğusuna pessimist yanaşırlar.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin də ABŞ liderinin tələbini dəstəkləməyəcəyini bildirmişdi. Eyni zamanda, o, Ağ Evin ölkənin daxili problemlərinə qayğı göstərmədiyini qeyd edib.