RUSİYA

Rusiya Ermənistan və Azərbaycanla təmasları davam etdirir - Peskov

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, ölkəsi hər iki tərəflə təmasları davam etdirir.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələ dəqiq raızlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk", - o, Rusiyanın Moskvadan sülh planının hazırlanması üçün platforma kimi istifadə edilməsi təklifi ilə bağlı irəliləyişin olub-olmaması ilə bağlı suala cavabında deyib.
Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə görüşünün baş tutmayacağını bildirib.
O, "Cənubi Qafqazda effektiv diplomatiyanın təmin edilməsi" adlı panelində çıxışda qeyd edib ki, bu görüşün başqa vaxt keçirilməsinin mümkünlüyü üzərində iş davam etdirilir: "Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək".